CƏMİYYƏT
Qəbələdə dolu təsərrüfatlara ziyan vurub – FOTO
Qəbələdə güclü leysan və dolu yağıb.
Dolu və leysan nəticəsində şəxsi təsərrüfatlara və meyvə ağaclarına ziddi ziyan dəyib.
Qeyd edək ki, leysan və dolu 15 dəqiqə davam edib./apa
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Albert Aqarunovun qardaşı Şuşada yaşamaq istəyir – AÇIQLAMA
“Mənim İsraildən Bakıya gəlişimin səbəbi qardaşım Albert Aqarunovun ad günüdür. Demək olar ki, Bakıya tez-tez baş çəkirəm, Azərbaycan bizim də Vətənimizdir. Bir müddət əvvəl Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin köməyi ilə qardaşımın döyüşdüyü Şuşa şəhərində oldum. Bu mənim üçün olduqca çətin və duyğulu anlar idi”.
Bu fikirləri Modern.az-a Birinci Qarabağ savaşının şəhidi, milliyətcə dağ yəhudisi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov deyib.
O bundan sonra tarixi Şuşada yaşamaq istədiyini bildirib:
“Məmnuniyyətlə Şuşada yaşamaq üçün müraciət etmək istəyərəm. Mən çox istərdim ki, işğaldan azad olunmuş bütün rayonları ziyarət edim, düşünürəm ki, arzum tezliklə gerçəkləşəcək.
Bilirəm ki, Azərbaycan xalqı Albertə çox dəyər verir. Buna görə də bütün Azərbaycan xalqına dərin təşəkkürümüzü bildiririk. Azərbaycana və Şuşaya səfəri təşkil etdiyinə görə Dövlət Komitəsinə, başda sədr Fuad Muradova dərin təşəkkürümüzü bildiririk”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Albert Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox digər texnikasını məhv edib. Buna görə döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb.
CƏMİYYƏT
Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib
9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.
1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.
1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.
1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.
2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
ALLAH RƏHMƏT ELƏSİN!
CƏMİYYƏT
Faşizm üzərində qələbədən 79 il ötür
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.
ShekiMedia.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.
1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da – Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.
Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.
İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox – 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.