ŞƏKİ
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cəyirli kəndinin sakinləri ilə görüşüb
Fevralın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cəyirli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərinin yekunlarından danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimində söylədiyi nitq zamanı açıqladığı əsas vəzifə və hədəfləri görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinləri Məmmədova Hüsniyə, Quliyev Vüsal, Qarayev Vaqif və başqaları çıxış edərək Cəyirli kənd həkim məntəqəsinin əsaslı təmiri, kəndarası yolların təmir olunması, yeni yaşayış massivinə içməli suyun verilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.
Digər xəbərlərə də bax
CƏMİYYƏT
Şəki Şəhər icra hakimiyyəti başçısının müavini vəfat edib
9 may 2024-cü il tarixində tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova uzun sürən xəstəlikdən sonra vəfat edib.
ShekiMedia.az xatırladır ki, Zərinə Cavadova 15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.
1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.
1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.
1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim, 1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim, 2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.
2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
ALLAH RƏHMƏT ELƏSİN!
ELM VƏ TƏHSİL
Pedaqoq və təhsil işçisi Elxan Abdullayevin doğum günüdür
Bu gün tanınmış pedaqoq və təhsil işçisi, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayevin doğum günüdür.
O, 8 may 1961-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1967 – 1977-ci illərdə əvvəl Nuxa/Şəki şəhər 16 №-li ibtidai məktəbində, sonra Şəki şəhər 11 №-li orta məktəbində, daha sonra isə Maksim Qorki adına Şəki şəhər 10 №-li orta məktəbdə, 1977 – 1982-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
1982-ci ilin sentyabr ayından M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində müəllim, 1987-ci ilin sentyabr ayından Şəki Şəhər Təhsil Şöbəsində məktəblər üzrə inspektor (məsləhətçi), 2005-ci ilin mart ayından 2011-ci ilin iyul ayına qədər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 №-li tam orta məktəbinin direktoru, 2011-ci ilin iyul ayından isə Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini vəzifəsində çalışıb. 29 dekabr 2021-ci il tarixdən Şəki Şəhər Təhsil Şöbəsinin müdiri, 2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib. 2023-cü ilin fevral ayından Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisidir.
“Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2021), Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı (2021) ilə təltif olunub.
Ailəlidir, 2 övladı və 4 nəvəsi var.
SƏHİYYƏ
“Vaksinasiyaya dəstək”: Şəkidə immunizasiya kampaniyası keçirilir
Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aprel ayının son həftəsindən başlayaraq Genişləndirilmiş İmmunizasiya Proqramının (GİP) 50-ci ildönümü və “İmmunizasiya həftəsi” ilə əlaqədar regionlarda peyvəndlərin əhəmiyyətini vurğulamaq və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb etməklə “sıfır” dozalı uşaqların sayını azaltmaq məqsədilə silsilə tədbirləri davam etdirir.
ShekiMedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdaş rayonunda başlayan kampaniya 6-10 may tarixlərində Şəki şəhərində və onun kəndlərində keçirilir. İmmunizasiya və digər zəruri ilkin səhiyyə xidmətlərinin göstərilməsi üçün TƏBİB tərəfindən yaradılmış həkim briqadaları “TƏBİB hər evdə” kampaniyası çərçivəsində kəndlərdə səyyar xidmətlər icra edir. Bundan əlavə, paytaxtdan dəvət olunmuş pediatrlar peyvənd mövzusunda tərəddüd edən valideynlərlə maarifləndirici görüşlər keçirir, onları uşaqlarını vaxtında peyvənd etməyə çağırırlar.
Tibb işçiləri üçün təşkil olunmuş təlimdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı, TƏBİB-in İlkin səhiyyə şöbəsinin müdiri Nəhmət Rəhimov, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva kampaniyanın yaranma tarixindən və məqsədlərindən danışıb, peyvənd olunmağın vacibliyini vurğulayıblar.
Kampaniyaya, həmçinin yerli icra qurumlarının nümayəndələri də cəlb ediliblər. Ümumilikdə, təlimlərdə immunizasiya ilə məşğul olan 100-ə yaxın həkim və tibb bacısı və 75 nəfər icma lideri iştirak edib. Təlimlər iştirakçıların kampaniyanı effektiv şəkildə həyata keçirməsi üçün zəruri olan ən son bilik və bacarıqlarla məlumatlandırılması məqsədi daşıyır.